İstifadəçi təcrübəsi 6 dəqiqə

Veb-saytlarda ən çox təkrarlanan UX problemləri

Veb-saytlarda ən çox təkrarlanan UX problemləri

Özünüzü səs-küylü bir restoranda təsəvvür edin. Stollar dağınıqdır, menyu anlamadığınız bir dildə yazılıb və işçilər sizin varlığınızdan xəbərsiz görünür. Bu zaman, çox güman ki, oranı tərk etmək istəyəcəksiniz, elə deyil? 

Onlayn dünya da eyni şəkildə işləyir. İlk təəssüratların saniyələr içində yarandığı rəqəmsal dünyada bu cür istifadəçi təcrübəsi (UX) problemləri biznes üçün dəhşətli nəticələrə səbəb ola bilir.  

Bu bloqda biz veb-saytlarda ən çox təkrarlanan UX problemləri, onların arxasında duran səbəblər və həmin problemləri aradan qaldırmaq üçün praktiki həlləri araşdırmışıq. Hazırsınızsa, başlayaq.


Yavaş yüklənmə sürəti

İstifadəçilər, adətən, veb-saytda qalıb-qalmamaq qərarını sürətli şəkildə verirlər. İlk bir neçə saniyə müsbət təəssürat yaratmaq və istifadəçilərin diqqətini çəkə bilmək üçün çox vacibdir. Əgər həmin saniyələr veb-saytın yüklənməsinə xərclənərsə, istifadəçilərin saytı heç görmədən tərk etmə ehtimalları artır. 



Jakob Nielsen bu mövzuya belə yanaşır: 3 əsas vaxt məhdudiyyəti var (bunlar insanın qavrayış qabiliyyəti ilə müəyyən edilir).

0,1 saniyə: istifadəçinin sistemin dərhal reaksiya verdiyini hiss etməsi üçün limitdir, yəni nəticəni göstərməkdən başqa heç bir xüsusi rəy tələb olunmur.

1.0 saniyə: istifadəçinin gecikməni fərq etməsinə baxmayaraq, düşüncə axınının fasiləsiz qalması üçün limitdir. 1.0 - 10 saniyə ərzində də heç bir xüsusi rəy tələb olunmur, lakin istifadəçi məlumatlara dərhal çatmaq hissini itirir.

10 saniyə: İstifadəçinin diqqətində qalmaq üçün limitdir. Daha uzun gecikmələr baş verdikdə artıq istifadəçi başqa işlərlə məşğul olacaq. Buna görə də gecikmə zamanı xüsusi rəy bildirmək vacibdir.

İdeal olaraq, veb sayt ilk bir-iki saniyə ərzində məzmunu göstərməyə başlamalıdır. Veb-saytın gec yüklənməsinə veb-səhifənin ölçüsü, yüklənilən resursların sayı 

(məsələn, şəkillər, videolar), serverin cavab vermə müddəti və ya istifadəçinin internet sürəti kimi müxtəlif amillər təsir edir. Bu amilləri nəzərə alaraq veb-sayt sahibləri istifadəçi təcrübəsini yaxşılaşdıra bilərlər. 



Qarışıq naviqasiya 

Rəqəmsal aləmdə naviqasiya istifadəçi dostu veb-sayt yaratmaq üçün açar rolu oynayır. Veb-saytlarda mürəkkəb naviqasiya olduqda, müəssisələr potensial müştəriləri itirmək riski ilə üzləşirlər. Belə hallarda istifadəçilər tez-tez məyus ola və əsəbiləşə bilirlər. Nəticədə, potensial müştərilər öz ehtiyaclarına daha effektiv cavab verən daha sadə alternativlər axtararaq saytı tərk edə bilərlər.

Təsəvvür edin ki, potensial müştəri daxili menyular və geniş məhsul kataloqu olan e-ticarət saytında konkret məhsulu tapmağa çalışır. Əgər naviqasiya düzgün qurulmayıb və müştərini doğru yönləndirmirsə, o, yönünü itirərək özünü sanki labirintdə imiş kimi hiss edib, saytı tərk edə bilər. Ziyarətçilər müvafiq məlumatları tapmaqda çətinlik çəkəndə və ya sayta daxil ola bilmədikdə, bu, onların ümumi təcrübələrinə mənfi təsir göstərir.

 



Nəticədə müəssisələr həm potensial müştərilərini itirir, həm də brend reputasiyaları aşağı düşür. Beləliklə, məyusluq və çaşqınlıq istifadəçiləri veb-saytdan uzaqlaşdıra biləcək əhəmiyyətli maneələrdir. 

İstifadəçi dostu naviqasiya dizaynlarından istifadə etməklə, müəssisələr öz müştəri təcrübəsini optimallaşdıra, mövcud istifadəçiləri saxlaya və yenilərini cəlb edərək uğur əldə edə bilərlər. Bununla belə, təkbaşına qüsursuz naviqasiya sistemi istifadəçinin cəlb olunmasını təmin etmək üçün kifayət olmaya bilər: Yaxşı İstifadəçi Təcrübəsi, bir yox, bir neçə faktordan ibarətdir. 


Fəaliyyətə çağırış (CTA) problemləri

CTA, veb-sayta daxil olanları alış-veriş etmək, qeydiyyatdan keçmək, resurs yükləmək və ya bizneslə əlaqə saxlamaq kimi müəyyən bir hərəkəti yerinə yetirməyə təşviq edən göstərişdir. Veb-saytda adətən kliklənə bilən düymələr və keçidlər kimi təqdim olunur. Fəaliyyətə çağırışlar istifadəçiləri arzu olunan hərəkətlərə yönəldən əsas vasitə sayılır və nəticədə daha çox istifadəçi məmnuniyyətinə və biznes uğuruna gətirib çıxarır.



Veb-saytda zəif, çaşdırıcı fəaliyyətə çağırış düymələri yerləşdirilərsə, istifadəçilər onları tapmaqda çətinlik çəkərək maraqlarını itirə bilərlər. Məsələn, tutaq ki, e-ticarət saytı məhsul satır, lakin məhsul səhifələrində "Səbətə əlavə et" düyməsini aydın şəkildə göstərmir. Potensial müştərilər bu düyməni tapmaqda çətinlik çəkdiyi üçün almaq fikirlərindən daşına, bu isə biznes satışları, istifadəçi təcrübəsi və brend qavrayışına mənfi təsir göstərə bilər. Əksinə, düzgün fəaliyyətə çağırış düyməsi isə bizneslərə qat-qat daha artıq qazandırar. 

CTA problemlərini həll etmək üçün müəssisələr fəaliyyətə çağırış düymələrini aydın, vizual olaraq cəlbedici və asan başa düşülən şəkildə tərtib etməlidirlər. Düymədəki mətn "İndi al" və ya "Qeydiyyatdan keç" kimi kliklədikdə baş verəcək hərəkəti açıq şəkildə ifadə etməlidir. Bundan əlavə, düymənin yerləşdirilməsi və dizaynı diqqəti cəlb etməli və istifadəçiləri istədikləri hərəkətə yönəltməlidir. 


Mobil istifadəçiləri nəzərə almamaq

Heç bilirdiniz ki, hal-hazırda “Amazon” satışlarının 50%-i mobil cihazlar vasitəsilə edilir? Artıq bir çox istifadəçi saytlara telefonları ilə daxil olmaq rahatlğını yaşamaq istəyir. Əgər onlar öz mobil cihazlarından veb-saytınıza asanlıqla baxa bilməsə, potensial müştərilərilərinizin böyük bir hissəsini əldən buraxmış olursunuz: xüsusən də rəqibləriniz daha yaxşı mobil təcrübə təklif edirsə.



Qısası, UX həlləri biznesiniz üçün böyük önəm daşıyır və heç bir detalı şansa buraxmağa dəyməz. Əgər saytınıza daxil olan istifadəçiləri müştəriyə çevirmək istəyirsinizsə, onlara müsbət İstifadəçi Təcrübəsi yaşatmağınız şərtdir. 

Bəs siz saytınızda bu cür problemlərin olub-olmadığını və ya istifadəçilərə uyğunluğunu yoxlamaq istəməzsiniz? Bu yöndə sizə İstifadəyə Yararlılıq Testi xidmətimizlə dəstək ola bilərik. Detalları öyrənmək üçün elə indi əlaqəyə keçin. ✌🏻

Yazını necə dəyərləndirərdiniz?

Yazarlarımız arasına qoşul!

200+ nəfərdən ibarət böyük bir komandayıq! Xidmətlərimizə isə yeni startaplardan tutmuş, böyük müəssisələrədək bütün bizneslər üçün məhsul dizayn etmək, proqram təminatı yaratmaq və yaradıcı marketinq həlləri tapmaq daxildir.

Əlaqə

Digər yazarlardan

Xidmətlərinizi yenidən dizayn edək

Hər bir layihəyə fərdi yanaşaraq müştərilərimizin və onların müştərilərinin xüsusi ehtiyaclarını qarşılayacaq həllər dizayn edirik.

Müraciət edin