İstifadəçi təcrübəsi 7 dəqiqə

Süni intellektin istifadəçi təcrübəsinə təsiri

Süni intellektin istifadəçi təcrübəsinə təsiri

Artıq demək olar həyatımızın hər hissəsinə təsir edən Süni İntellekt, istifadəçi təcrübəsini necə dəyişir? Gəlin birlikdə öyrənək.



Günümüzün ayrılmaz hissəsinə çevrilən süni intellekt, özünü müxtəlif sahələrdə göstərərək bizim yaşayış və iş tərzimizi dəyişdirir. Bu müsbət təsir özünü İstifadəçi Təcrübəsi sahəsində də göstərir. 



Bu təsir barədə yaxından öyrənmək istəyənlər məqaləni sona qədər oxuya bilər: Burada süni intellekt vasitəsilə istifadəçi təcrübəsini artıran 4 yol, şirkətlərin süni intellektdən necə istifadə etdiyi və bu zaman yaranan faydalar, həmçinin riskləri araşdırmışıq. 

 


Gəlin ilk öncə istifadəçi təcrübəsinin nə olduğuna baxaq.



İstifadəçi təcrübəsi nədir? 

İstifadəçi təcrübəsi, bir insanın məhsul və ya xidmətlə əlaqə qurarkən əldə etdiyi ümumi təcrübədir. O, istifadə rahatlığı və funksionallıqdan tutmuş, istifadə nəticəsində yaranan emosiya və məmnuniyyətə qədər hər şeyi əhatə edir. 

Məsələn, yeni telefon üçün alış-veriş edən bir insan düşünün: mağazaya baş çəkir və müxtəlif cihazların görünüşü, nə hiss etdirdiyi, istifadəsinin asanlığı və mövcud funksiyaları kimi detalları araşdırır. Həmçinin, məhsulları daha yaxından tanımaq üçün barəsindəki rəyləri oxuya və dostlarından tövsiyələr istəyə bilər. Bütün bu hərəkətlərinin cəmi istifadəçi təcrübəsinin bir hissəsidir və son nəticədə telefonu alıb-almamaq qərarına təsir göstərir. 



Aydındır ki, müsbət istifadəçi təcrübəsi istifadəçinin məhsulu alması ilə nəticələnəcək. Əksinə, mənfi istifadəçi təcrübəsi isə mənfi rəy, aşağı satış və məhsul və ya xidmətin uğursuzluğu ehtimalını artıra bilər.


Qısası, istifadəçi təcrübəsi məhsul və xidmət dizaynının vacib komponentidir və onun müsbət olması uğur üçün çox vacibdir. Müsbət təcrübə ehtimalını çoxaltmaq üçün UX dizaynerlər istifadəçi ehtiyaclarını və istəklərini nəzərə almalı, məhsul və ya xidmətdən istifadəni asan və zövqlü etməlidirlər. Bu yöndə isə onlara Süni İntellekt kömək ola bilər! Gəlin bir az da bu barədə danışaq. 



Süni intellekt: Rəqəmsal köməkçi

Yəqin artıq çoxunuz süni intellektdən nə vaxtsa istifadə etmisiniz. Süni intellekt bir növ sizi həqiqətən yaxşı tanıyan və siz soruşmazdan əvvəl nəyə ehtiyacınız olduğunu, nə istədiyinizi təxmin edə bilən şəxsi köməkçi kimidir. Onun sayəsində işləri daha sürətli və daha az səylə həll edə bilirsiniz. Məsələn, o, sizin adınıza e-poçtları oxuya və cavablandıra, əvvəlki sifarişlərinizə əsasən ərzaq məhsulları sifariş edə və hətta sizə dərman qəbul etməli olduğunuzu xatırlada bilər. 



Burdan da anlaşılır ki, istifadəçilərin məhsuldan istifadə zamanı yaşadığı təcrübələrini yaxşılaşdırmaq üçün də süni intellekt köməyə çata bilər. 


İstifadəçi Təcrübəsini təkmilləşdirən Süni İntellekt həlləri

İstifadəçi təcrübəsində süni intellektdən istifadə edən müəssisələr istifadəçilərinə daha fərdiləşdirilmiş, istifadəçi dostu və səmərəli məhsul təklif edə bilirlər. Bunun üçün bir çox yol olsa da, biz bu gün ən önəmli həllərdən 4-ü haqqında danışacağıq. 



Çatbotlar 

Çatbotlar insanları onlayn səyahətlərində tək qoymayan köməkçilərdir desək, yanılmarıq. Qısaca, onlar istifadəçilərə sanki real insanla ünsiyyətdə imiş kimi qarşılıqlı əlaqədə olmağa imkan verən proqramlardır. Çatbotların əsas üstünlüklərindən biri 24/7 işləyə və dərhal yardım göstərə bilməsidir. Üstəlik, onlar istifadəçinin davranışı haqqında məlumatları təhlil edərək şəxsiləşdirilmiş tövsiyələr, məhsullar və ya xidmətlər də təklif edə bilir. 

 



Səs köməkçiləri 

Səs köməkçiləri də bir növ çatbotlar kimidir, sadəcə onlar yazılı deyil, səsli təlimatlarla işləyir. Səs köməkçisi ilə istifadəçilər yalnız səslərindən istifadə edərək müəyyən məhsulların qiymətini öyrənə, səbətə məhsul ata və ya başqa işləri avtomatik həll edə bilərlər. Səs köməkçilərinin əsas üstünlüklərindən biri istifadəçilərlə daha çox söhbətə bənzəyəcək şəkildə qarşılıqlı əlaqə qura bilməsidir. Bundan əlavə, səs köməkçiləri keçmiş davranış və istifadəçi seçimləri əsasında fərdiləşdirilmiş tövsiyələr təqdim edərək daha yaxşı təcrübə yarada bilir. 



Ağıllı fərdiləşdirmə

Ağıllı fərdiləşdirmə, süni intellektdən istifadə edərək məhsul və ya xidmətlərin fərdi ehtiyaclara uyğunlaşdırılması prosesidir. Veb-sayt məzmunu, məhsul tövsiyələri və marketinq mesajları kimi istifadəçi təcrübəsinin müxtəlif sahələrinə tətbiq oluna bilər. Fərdi təcrübələr təqdim etməklə, müəssisələr müştəri loyallığını gücləndirə və dönüşüm nisbətlərini yaxşılaşdıra bilər.



Proqnozlaşdırıcı analitika

Gələcək davranışların ehtimalını proqnozlaşdırmaqla müəssisələr istifadəçilərə tövsiyələr, xidmətlər və marketinq mesajları təklif edə bilir. Proqnozlaşdırıcı analitika həmçinin biznesə potensial problemləri və imkanları baş verməmişdən əvvəl müəyyən etməsi yönündə köməklik göstərir.

Qısası, bütün süni intellekt həlləri bizneslərə işləri sürətləndirmək və asanlaşdırmağa kömək edir. Hazırda demək olar bütün böyük və uğurlu şirlətlər istifadəçi təcrübələrini təkmilləşdirmək üçün süni intellektə üz tutur.  




Məsələn, H&M müştəri sorğularını idarə etmək üçün süni intellektə əsaslanan çatbotlardan istifadə edir ki, bu da cavab gözləmə müddətini qısaltmağa, beləliklə, müştəri məmnuniyyətini artırmağa kömək edir. Bundan əlavə, LinkedIn istifadəçilərinə müvafiq iş tövsiyələri təklif etmək üçün, Amazon isə müştərilərinə fərdiləşdirilmiş məhsul tövsiyələri təklif etmək üçün proqnozlaşdırıcı analitikadan istifadə edir. 



Ümumiyyətlə, süni intellektin şirkətlər üçün daha optimallaşdırılmış və fərdiləşdirilmiş istifadəçi təcrübəsi təqdim etməkdə əhəmiyyəti get-gedə artmaqdadır. Amma bu trendin də bəzi riskləri var. 



Süni intellektin potensial riskləri



Süni intellekt istifadəçi təcrübəsinə əhəmiyyətli dərəcədə faydalar gətirsə də, bu texnologiya ilə bağlı potensial riskləri də nəzərə almağımız çox vacibdir. Bu risklərə ilk olaraq məxfilik daxildir. İstifadəçi məlumatlarının toplanması və təhlili zamanı süni intellekt alqoritmlərinin istifadəsi məxfilik və məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Bunun qarşısını almağı bacaran şirkətlər isə öz sahələrində daha çox uğur qazanır.

Bir başqa risk isə texnologiyadan asılı hala gəlmək ola bilər. Süni intellektə həddindən artıq güvənməklə şirkətlər empatiya hisslərini itirə, nəticədə müştəri münasibətlərinə zərər verə bilərlər. Unutmamaq lazımdır ki, süni intellekt sadəcə bir alətdir və insanları tamamilə əvəzləyə bilməz. 



Yəqin artıq hamıya aydındır ki, istifadəçilərə daha yaxşı xidmət göstərmək üçün süni intellektdən istifadə etmək çoxluqla uğurlu addımdır. Bəs süni intellekt həqiqətən də insan əməyini tamamilə əvəzləyə bilərmi? Bunu isə zaman göstərəcək. 

Yazını necə dəyərləndirərdiniz?

Yazarlarımız arasına qoşul!

200+ nəfərdən ibarət böyük bir komandayıq! Xidmətlərimizə isə yeni startaplardan tutmuş, böyük müəssisələrədək bütün bizneslər üçün məhsul dizayn etmək, proqram təminatı yaratmaq və yaradıcı marketinq həlləri tapmaq daxildir.

Əlaqə

Digər yazarlardan

Xidmətlərinizi yenidən dizayn edək

Hər bir layihəyə fərdi yanaşaraq müştərilərimizin və onların müştərilərinin xüsusi ehtiyaclarını qarşılayacaq həllər dizayn edirik.

Müraciət edin