Araşdırma 6 dəqiqə

Keçmişdən bu günə musiqi pleyerlər və onlarda olan UX problemləri

Keçmişdən bu günə musiqi pleyerlər və onlarda olan UX problemləri

Tarix 1877-ci ili göstərir. Məqalənin başından bu ilə qayıtmaq sizə bir şey ifadə etməyə bilər. Normaldır. Amma həmin vaxt heç kim bilmirik ki, bu il gündəlik istifadə etdiyimiz bir mövzuda təkamül üçün ilk addım atılacaq…  

Bəziləriniz bəlkə də söhbətin nədən getdiyini artıq bilir. Bəli, bu, ilk musiqi pleyer - Fonoqrafın icadı ilidir. Bu il, artıq musiqi dinləmək sadəcə canlı performanslardan asılı olmamağa başladı. 

Bəs bu alətin təkamülü illər ərzində necə oldu? Ümumiyyətlə, sonralar icad edilən musiqi cihazlarının həll edilməli nə kimi problemləri var idi? Əvvəllər evimizdə böyük bir yer tutan bu alətlər, necə oldu ki, cibimizə yerləşəcək qədər balacalaşıb gündəlik həyatımızın mühüm parçasına çevrildi?

Maraqlı suallardı, elə deyil? Gəl onda cavablayaq.

Musiqi cihazlarının inkişafına təkan verən UX problemləri

Hər bir şeyin başlanğıcı var. Buna Milad da demək olar. Biz bu gün 1 əsrlik musiqi dünyası, daha dəqiq desək, musiqinin digital formaya keçidi haqqında danışacağıq. Bu da bizə musiqinin hansı mərhələlərdən keçdiyini və nə kimi problemlərlə rastlaşdığını öyrənməyə kömək edəcək.

Fonoqraf



Qeyd etdiyimiz kimi, Fonoqraf 1877-ci ildə Thomas Edison tərəfindən ixtira olunub. O vaxtlar istifadəçi testi olmadığı üçün bir xeyli problemlər də üzə çıxıb.

  • Diskin ölçüsünə görə mahnı oxutma sayı az idi

  • Silindrlər incə və kövrək olduğu üçün asanlıqla zədələnir və ya aşınmaya məruz qalırdı.

  • Əl ilə idarə olunduğu üçün incəlik və dəqiqlik tələb edirdi


Qramafon
 



Emile Berliner tərəfindən hazırlanmış Qramafon (1887), fonoqrafla müqayisədə bir az fərqli görünür və daha rahat istifadə edilirdi. Qramafon evdə musiqi dinləyənlərin sayını daha da artırdı və hətta günümüzdə olan dönən masaların (Dj-lərin istifadə etdiyi cihaz) yaranmasına kömək oldu.


Amma qramafonda da bəzi problemlər mövcud idi: 

  • İlk yaranan modelləri böyük olduğu üçün çox yer tuturdu.

  • Asanlıqla qırıla bilirdi.

  • Disklərin ölçüsü və çəkisi böyük olduğu üçün daşınması çətin idi.


Radio



1890-cı illər. Günümüzdə olan musiqi pleyeri kimi olmasa da, radio, harada olursan ol musiqi, xəbər və əyləncələri çatdırmaq üçün ən yaxşı vasitələrdən biri idi. Digər alətlərə nisbətən artıq bir neçə problem qismən həll olmuşdu. Əsas həll olan problemlər musiqi çeşidliliyinin artması və pleyerin daşına bilən olması idi. Amma yenə də, bu yenilik özü ilə yeni problemlər də gətirmişdi:  

  • Qulaq asmaq istədiyin musiqi və s. radio stansiyalardan asılı olurdu. Bu da seçim imkanını məhdudlaşdırırdı.

  • İstifadəçilər canlı yayımları dayandıra və ya geriyə çəkə bilmirdilər.  

Kasetçalar 



1963-cü ildə kasetçaların yaranması günümüzdə adını çox eşitdiyimiz “Philips” markasının yenilikçi təklifi ilə başladı. “Philips” kasetçalarları istifadəçilərə əvvəlcədən yazılmış lentləri oxutmağa və şəxsi pleylistlər yaratmağa imkan verirdi. Radio ilə müqayisədə kasetçalarla musiqini istənilən vaxt dəyişə və öz musiqi pleylistini yarada bilərdin. Amma nə demişdik? Yeni ideyalar, yeni problemlər demək idi…

  • Lent tez-tez dolaşır və ya ilişirdi.

  • Xüsusi trekləri tapmaq üçün əl ilə geri və irəli yönləndirmə lazım idi.

  • Lentlərin təkrar istifadəsinə görə zamanla səs keyfiyyəti pisləşirdi. 


Kompakt Disk (CD) Pleyerlər 



1982-ci il. Sony və Philips birlikdə yüksək keyfiyyətli mahnıları oxuya bilən rəqəmsal kompakt diski təqdim etdilər. CD-lər təkmilləşdirilmiş səs və davamlılıq təklif edərək musiqini yeni bir mərhələyə daşıdı. Kompakt disklərin ixtirası ilə istifadəçilər digital eraya keçdiklərinin hələ fərqində deyildi. Amma bu da çox uzun çəkmədi. Əvvəlki avadanlıqlarla müqayisədə 90% problem həll olmuş və demək olar ki, istifadəçilərin ehtiyaclarının bir xeyli qismi ödənmişdi.


Kompakt Diskdə olan problemlər:

  • Səs oxudulmasına təsir edən cızıqlara qarşı həssaslıq.

  • Müxtəlif musiqi kolleksiyası üçün birdən çox CD daşımağın narahatlığı.


İndiyə qədər danışdıqlarımızı, bəlkə də, 40 faizimiz xatırlayar, ya yox. Bu bizə əslində nə qədər inkişaf etdiyimiz və həyatımızın nə qədər rahatlaşdığını göstəririr. Bundan sonra danışacaqlarımızı isə, yəqin ki, çoxumuz bilirik. Qısa bir fasilədən sonra davam edək.



MP3 Pleyerlər



1997-ci ildə kəşf edilən MP3 pleyerlərin istifadəsi artıq bir çox problemin ortadan qalxdığına işarə idi. MP3 pleyerlərə qədər inkişaf dövrü bir çox problemin tapılması və həlli üçün böyük rol oynamışdır. MP3 pleyerlərin müsbət cəhətlərindən biri isə daşınmasının rahatlığı idi. Bir daha təkrarlayaq: Problemlərin çoxu həll olsa da, yeni ixtira özü ilə yeni problemlər gətirmişdi:

  • Musiqinin kompüterlərdən pleyerlərə ötürülməsinin yoruculuğu.

  • Yaddaş tutumu az olduğu üçün limitli sayda musiqinin saxlanması

  • Fayl formatlarının uyğunluq problemləri


iPod 



2001-ci il. “Apple” tərəfindən təqdim edilən iPod, zərif dizaynı istifadəçi dostu interfeysi ilə birləşdirdi. iTunes ilə birləşdirilmiş iPod rəqəmsal musiqinin yayılmasını populyarlaşdırdı. Bu mərhələdən sonra artıq heç bir şey əvvəlki kimi olmayacaqdı. Sadəcə bir neçə kiçik problemdən başqa…

  • Bəzi istifadəçilər üçün dizaynın mürəkkəbliyi.

  • İlkin modellərdə batareyanın ömrü və çıxarılmayan batareyalarla bağlı çətinliklər.

  • İlkin versiya iTunes-ların məhdud fayl formatı dəstəyi.

1 əsrdir təkmilləşdirilən təcrübə

Yuxarıda illər ərzində musiqi sektoru, daha dəqiq desək, musiqi pleyerlərin inkişafı haqqında ətraflı məlumat aldıq. 124 il ərzində getmiş inkişafın ən əsas səbəblərindən biri insanların ehtiyacları və problemlərinin ortaya çıxması idi. 

Bildiyimiz kimi, günümüzdə bu kimi məhsulların trendi artıq bitib. Onlar öz yerlərini Spotify, Sound Cloud, Apple Music və s. kimi digital və daşına bilən məhsullara veriblər. Gəl bu məhsulların pleyerləri kölgədə qoyan üstünlüklərinə nəzər yetirək: 

  1. Geniş musiqi seçimi: Müxtəlif janrlarda milyonlarla mahnıdan ibarət geniş kitabxanalar təklif edir.

  2. Rahatlıq: Musiqiləri həm internet, həm də oflayn şəkildə istənilən yerdən dinləmək olur.

  3. Fərdiləşmə: Bir çox platforma istifadəçilərin dinləmə vərdişlərinə əsasən musiqi tövsiyə etmək üçün alqoritmlərdən istifadə edir.

  4. İstifadə asanlığı: İstifadəçi dostu interfeyslə musiqi axtarmağı və səsləndirməyi rahatlaşdırır.

  5. Sosial paylaşım: İstifadəçilər pleylistlərini, mahnılarını dostları və izləyiciləri ilə sosial mediada rahatlıqla paylaşa bilirlər.

İlk musiqi pleyerin yaranmasından bu yana 146 il keçib. Bu illər ərzində adətlər, alətlər və bir çox başqa şey dəyişib. Bəs dəyişməyən nədir? Əlbəttə ki, istifadəçilərin ehtiyacları və istəkləri… Deməli, bizim diqqət etməli olduğumuz əsas məqam ehtiyacları və vərdişləri üzə çıxarıb məshulu ona görə formalaşdırmaqdır. İstifadəçi təcrübəsi həmişə qazandırır, sadəcə ondan düzgün istifadə etməyi bilən üçün.

 

Yazını necə dəyərləndirərdiniz?

Yazarlarımız arasına qoşul!

200+ nəfərdən ibarət böyük bir komandayıq! Xidmətlərimizə isə yeni startaplardan tutmuş, böyük müəssisələrədək bütün bizneslər üçün məhsul dizayn etmək, proqram təminatı yaratmaq və yaradıcı marketinq həlləri tapmaq daxildir.

Əlaqə

Digər yazarlardan

Xidmətlərinizi yenidən dizayn edək

Hər bir layihəyə fərdi yanaşaraq müştərilərimizin və onların müştərilərinin xüsusi ehtiyaclarını qarşılayacaq həllər dizayn edirik.

Müraciət edin