Araşdırma 12 dəqiqə

İstifadəyə Yararlılıq testi

İstifadəyə Yararlılıq testi - Emotix

İstifadəyə yararlılıq testi rəqəmsal məhsulu olan hər şirkətin ən lazımlı alətlərindən biridir deyə bilərik. Bu test vasitəsilə məhsullardan istifadənin nə qədər asan olduğunu qiymətləndirilir. Həmçinin, dizayn prosesində də istifadənin asanlığını artırmaq üçün istifadəyə yararlılıq testi edilə bilər.

Qeyd edək ki, rəqəmsal məhsul dedikdə sadəcə mobil tətbiq və ya veb səhifələr deyil, həmçinin ödəniş portalı, POS terminal, idarəetmə paneli kimi fərqli bütün növ digital məhsulları nəzərdə tuturuq. 



İstifadəyə yararlılıq testi sayəsində:



  1. Məhsul dizaynında olan problemlər tapılır;

  2. Dizaynda təkminləşdirilməsi lazım olan hissələr müəyyən edilir;

  3. İstifadəçilərin davranış və seçimləri haqqında öyrənilir.

Gəlin İstifadəyə Yararlılığın nə olduğu barədə daha ətraflı danışaq. Beləliklə, önəmini də daha yaxşı başa düşmüş olarıq.

İstifadəyə Yararlılığın əsas komponentləri

İstifadəyə yararlılıq dedikdə 5 əsas komponent yada düşür. Bunlara daxildir: 

  1. Öyrənilmə qabiliyyəti: İstifadəçilər məhsulla ilk qarşılaşdıqda etmək istədiklərini asanlıqla edə bilirlərmi? Məhsuldan istifadənin necə olduğunu rahat öyrənirlərmi? 


Məsələn, bir ödəniş portalına (eManat, MilliÖn və s.) girmisiniz və işıq pulunu ödəmək istəyirsiniz. Burada sizin ilkin məqsədiniz pulu ödəməkdir. Əgər heç kimdən kömək almadan ödənişi necə tamamlamalı olduğunuzu öyrənir və həyata keçirirsinizsə, deməli, həmin portalın öyrənilmə qabiliyyəti yaxşıdır.

  1. Effektivlik: İstifadəçilər dizaynı öyrəndikdən sonra tapşırıqları nə qədər tez yerinə yetirə bilərlər?

Eyni misal üzərində davam edək. Deyək ki, artıq bu platformadan uzun müddətdir istifadə edirsiniz. Bəs pulu nə qədər tez ödəyə bilirsiniz? Bu sizin 10 saniyənizi də ala bilər, 1 dəqiqənizi də. 1 dəqiqə ilk baxışdan az bir vaxt kimi gəlir. Gəl ki, bir işi sürətlə görmək istədiyiniz an 1 dəqiqə 1 saat kimi hiss etdirir. Qısası, sürət bu addımda önəmlidir. Əgər normalda saniyələr içində həll olan bir işi siz də saniyələr içində yerinə yetirə bilirsinizsə, deməli, məhsul effektivdir.

  1. Yadda qalmaq: İstifadəçilər dizayndan istifadə etmədikdən bir müddət sonra dizayna qayıtdıqda məhsulla yadlıq yaşayırlarmı?

Hər birimiz mobil telefon istifadə edirik və mobil tətbiqləri ekranda öz rahatlığımıza uyğun yerləşdirmişik. Artıq bir müddətdən sonra gözü qapalı şəkildə istədiyimiz tətbiqin harda olduğunu bilirik. Bu artıq bizdə bir vərdişi formalaşdırır. Uzun müddət istifadə etməsək də, yenidən qayıdanda hər tətbiqin yerini bilmiş olacağıq. Əgər biz tətbiqlərin yerini dəyişsək, hər dəfəsində başqa tətbiqə səhvən daxil ola bilərik. Əgər məhsulunuz da istifadəçilərdə bu vərdişi formalaşdıra bilirsə, deməli yadda qalır və uzun müddət keçsə də istifadəsi rahat olur. 

  1. Xətaların qarşısını almaq: İstifadəçilər nə qədər səhv edir, bu səhvlər nə qədər ciddidir və nə qədər asanlıqla bərpa edilə bilərlər?

İstifadəçilərin o an üçün düzgün olmayan məqsədləri olduqda səhv edə bilərlər, məqsədlərinə çatmaq üçün düzgün addımlar atsalar belə, addımlar xəta ilə nəticələnəcək. Bu necə baş verir? Bir nümunə ilə izah edək. Deyək ki, Adil adlı dostunuza kartdan-karta pul köçürmək istəyirsiniz. İndi bir çox bank tətbiqində bunu sadəcə nömrə ilə etmək mümkündür. 

Sizin kontaktınızda isə bir neçə Adil adlı şəxs var. Burada nömrə yazılmasa, fərqləndirmək xeyli vaxtınızı alacaq. Buna görə də alternativ həll yolu kimi adın yanına nömrəni də əlavə etmək yaxşı olar. Beləliklə, siz eyni zamanda adı və nömrəni gördüyünüz üçün xəta etmək ehtimalınız da azalar.
 

  1. Məmnuniyyət: Məhsuldan istifadə nə dərəcə xoşdur? İstifadəçilər yaşadıqları təcrübədən məmnundurmu?

Məhsulda yuxarıda saydığımız 4 komponent olarsa, böyük ehtimalla istifadəçi məmnunniyyəti də artır. Məmnuniyyəti ölçməyin əsas yollarından biri isə məhz İstifadəyə Yararlılıq testidir. Bu barədə bloqun davamında daha detallı danışacağıq.

İstifadəyə yararlılıq testi və atributları



İstifadəyə yararlılığın nə olduğunu öyrəndik, bəs onu necə test edək?! Bu haqda ətraflı məlumat öyrənməzdən qabaq bilməli olduğumuz bir hissə var. İstifadəyə yararlılıq testinin atributları:  Tədqiqatçı, iştirakçı və tapşırıqdır.

 

İstifadə yararlılıq testində tədqiqatçı iştirakçıdan adətən bir və ya bir neçə xüsusi istifadəçi interfeysindən istifadə edərək tapşırıqları yerinə yetirməyi xahiş edir. İştirakçı hər tapşırığı yerinə yetirərkən, tədqiqatçı iştirakçının davranışını müşahidə edir və rəyi dinləyir.

Daha ətraflı izah etmək üçün onların nə etdiklərinə ayrı-ayrılıqda nəzər yetirək.


Tədqiqatçı – Test prosesində iştirakçıya göstərişlər verib suallarını cavablandıraraq iştirakçılara rəhbərlik edir. Əsas məqsədi iştirakçının davranışına təsir etmədən testin yüksək keyfiyyətli və etibarlı məlumatlarla nəticələnməsidir.

Tapşırıq –  İstifadə qabiliyyəti testindəki tapşırıqlar iştirakçının real həyatda yerinə yetirə biləcəyi real fəaliyyətlərdir. Tədqiqat suallarından və istifadəyə yararlılıq testinin növündən asılı olaraq fərqli şəkildə təqdim oluna bilər.

İstifadə yararlılıq testində istifadə oluna biləcək real nümunələr:

  1. Əgər tapşırıq elektron ticarət saytıdırsa:

  • İstədiyiniz məhsulu tapın və onu alış-veriş səbətinə əlavə edin.

  • Ödəniş zamanı endirim kodunu tətbiq edin.

  • Son satın almadan əvvəl sifarişinizi nəzərdən keçirin.

  1. Əgər tapşırıq mobil bankçılıq tətbiqidirsə:

  • Aylıq hesablarınız üçün təkrarlanan ödəniş qurun.

  • Hesab balansınızı və son əməliyyatları yoxlayın.

  1. Əgər tapşırıq sosial media platformasıdırsa:

  • Şəkil yükləyin və ismarıca başlıq əlavə edin.

  • Dostunuza şəxsi mesaj göndərin.

  • Profil şəklinizi dəyişdirin və bio-nu yeniləyin.

Tapşırıq verdiyimiz zaman sözləri düzgün seçmək lazımdır. Tapşırığın ifadəsindəki kiçik səhvlər iştirakçının onlardan nə tələb olunduğunu səhv başa düşməsinə səbəb ola bilər və ya iştirakçıların tapşırığı necə yerinə yetirməsinə təsir göstərə bilər.

Tapşırıq təlimatları iştirakçıya şifahi şəkildə çatdırıla bilər (tədqiqatçı onları oxuya bilər) və ya yazılı şəkildə iştirakçıya verilə bilər. Biz tez-tez iştirakçılardan tapşırıq təlimatlarını yüksək səslə oxumağı xahiş edirik. Bu, iştirakçının təlimatları tam oxumasını təmin edir və tədqiqatçılara qeydlərini aparmağa kömək edir, çünki onlar istifadəçinin hansı tapşırığı yerinə yetirdiyini həmişə bilirlər.

  


İştirakçı – İştirakçı tədqiq olunan məhsul və ya xidmətin real istifadəçisi olmalıdır. Bu o deməkdir ki, istifadəçi artıq real həyatda məhsul və ya xidmətdən istifadə edir. Bəzi hallarda iştirakçı hədəf istifadəçi qrupu ilə oxşar vərdişə və təcrübəyə malik olur. Bu kimi hallarda fərqli istifadəçi qrupu ilə də testi aparmaq mümkündür.

İştirakçılardan istifadə qabiliyyətinin yoxlanılması zamanı tez-tez yüksək səslə düşünmələri xahiş olunur (bu, “ucadan düşünmə üsulu” adlanır). Tədqiqatçı iştirakçılardan tapşırıqları yerinə yetirərkən öz hərəkətlərini və düşüncələrini danışmağı xahiş edə bilər. Bu yanaşmanın məqsədi iştirakçıların davranışlarını, məqsədlərini, düşüncələrini və motivasiyalarını anlamaqdır.


İstifadəyə yararlılığı test etmək üsulları

Artıq bilirsiniz ki, istifadəyə yararlılıq testi iştirakçı və tədqiqatçı arasında keçirilən bir prosesdir. Emotix olaraq layihələrə ən uyğun həlli tapmaq üçün 4 fərqli istifadəyə yararlılıq üsulundan istifadə edirik.


Uzaqdan test

Uzaqdan istifadəyə yararlılıq testi günümüzdə ən çox istifadə olunan üsullardan biridir. Çünki həm az vaxt tələb edir, həm də az maliyyətlə başa gəlir. Uzaqdan istifadəyə yararlılıq testini iki formada həyata keçiririk:

  1. Moderasiya olunan – Uzaqdan idarə olunan istifadəyə yararlılıq testləri şəxsi tədqiqatlar kimi işləyir. Təqdiqatçı iştirakçı ilə əlaqə saxlayır və ondan tapşırıqları yerinə yetirməsini xahiş edir. Adətən, moderatorlu testlər “Skype” və ya “GoToMeeting” kimi ekran paylaşma proqramından istifadə etməklə həyata keçirilə bilər.

  1. Moderasiya olunmayan – İdarə olunmayan uzaqdan testlərdə isə tədqiqatçı və iştirakçı əlaqəyə keçmir. Bunun yerinə tədqiqatçı iştirakçı üçün əvvəlcədən yazılı tapşırıqlar hazırlayır. Daha sonra iştirakçı həmin tapşırıqları tək başına yerinə yetirir. Test aləti tapşırıq təlimatlarını və hər hansı növbəti sualları təqdim edir. İştirakçı testini tamamladıqdan sonra, tədqiqatçı tapşırığın müvəffəqiyyəti kimi göstəricilərlə birlikdə prosesin qeydini aparır.


Şəxsən test

Uzaqdan keçirilən testlərlə müqayisədə şəxsi testlər daha ətraflı məlumat ötürə bilir, çünki bu zaman tədqiqatçılar iştirakçıların bədən dili və üz ifadələrini də müşahidə ilə təhlil edə bilirlər. Şəxsən keçirilən istifadəyə yararlılıq testləri adətən baha başa gəlir və vaxt aparır. Bunun üçün biz uyğun bir yer tapmalı, müəyyən bir tarixi seçməli və əlavə ödənişlə iştirakçı tapmalıyıq. 



Prototipdən sonra test

Məhsul prototipi yaratmaqda əsas məqsəd onun istifadəçilərə uyğun olub-olmadığını yoxlamaqdır. Bunun üçün isə istifadəyə yararlılıq testləri köməyimizə çatır. Prototip halında olan məhsulların istifadəyə nə qədər yararlı olduğunu, istifadəçilər tərəfindən anlaşılıb bəyənildiyini yoxlamaq üçün prototip sonrası testlər məsləhətli sayılır.

İstifadəyə yararlılıq testini bir neçə fərqli şəkildə yoxlamaq olsa da, bütün üsullar zamanı əməl edilməli bəzi əsas qaydalar var:

  1. Real məzmundan istifadə edin – İstifadəçilər həm sınaq zamanı, həm də real həyatda qərar qəbul etmələrinə kömək etmək üçün məzmuna etibar edirlər. Bunun üçün yoxlamaq istədiyiniz prototipin uğurlu olub olmadığını yoxlamaq üçün real məzmundan, yəni real şəkillər və mətnlərdən istifadə etmək lazımdır.

  2. Testləri düşünərək dizayn edin – Vaxtı nəzərə alın. 60-90 dəqiqəlik seansda 5-dən 10-a qədər dəqiq tapşırıqlar müəyyən edin. Məhsulun əsas funksionallığını: qeydiyyat prosesi, ödəniş üsulları, məhsul satışı və s. ön plana salıb testləri bu funkionallıqlar üzərindən aparsanız, bu, daha yaxşı nəticə almağınıza kömək olacaq.

İstifadəyə Yararlılıq Test texnikaları

Testlərdən maksimum nəticə əldə etmək üçün müxtəlif test texnikalarından da istifadə edilir. Emotix olaraq istifadə etdiyimiz üsullara daxildir:


Göz izləmə

Bu texnikadan istifadə edərkən tədqiqatçılar kompüterə quraşdırılmış xüsusi izləmə cihazı vasitəsilə istifadəçilərin göz hərəkətlərini müşahidə edirlər. Tapşırığın yerinə yetirilməsi istənildikdə istifadəçilərin diqqətini hara yönəltdiyini təhlil edərək  hərəkət yolu diaqramları yaradıla bilir.

Göz izləmə tədqiqatları istifadəçilərin səhifə ilə vizual şəkildə necə qarşılıqlı əlaqədə olması haqqında məlumat toplamaq üçün istifadə edilir. Onlar həmçinin tərtibat və dizayn elementlərini sınaqdan keçirməyə də kömək edir. Bu zaman əsas səhifə elementlərindən diqqəti nəyin yayındıra biləcəyini görürlər. Göz izləmə vasitəsilə bir xeyli real nəticə əldə etmək mümkün olur. 

Ətraflı müsahibə

“Dərin müsahibə” də deyilən bu texnikada müsahibə verənlərin davranışı, münasibəti və qavrayışı kimi detallar barədə də ətraflı məlumatlar toplanır. 

Dərin müsahibələr zamanı tədqiqatçılar və iştirakçılar əlavə məqamları araşdırmaq və lazım gəldikdə prosesin istiqamətini dəyişmək azadlığına malikdirlər. ədqiqatın ehtiyaclarına uyğun olaraq test gedişatı zamanı bir çox strategiyalar qəbul edilə bilir. 

Uzaqdan müsahibə

Uzaqdan müsahibələr zaman tədqiqatçı və istifadəçi fərqli-fərqli məkanlarda olur və müsahibələr video konfrans vasitəsilə aparılır. Bu cür müsahibələr çoxluqla əsas tesdən öncə, istifadəçinin testə uyğun olub-olmadığının yoxlanılması prosesində ilkin mərhələ kimi istifadə olunur.

Uzaqdan müsahibə zamanı nəzərə alınmalı bəzi vacib amillər var: 

  • Müsahibə təfərrüatlarını əvvəlcədən hazırlamaq;

  • Müvafiq avadanlıq növlərinin və şəbəkə bağlantısının yoxlanılması;

  • Daim ehtiyat plana sahib olmaq;

  • Telefon zəngi kimi diqqətini yayındıracaq amillərdən uzaq durmaq;

  • Peşəkar geyinmək;

  • Bədən dili və mimikalara diqqət yetirmək.


A/B testlər

A/B testi hansının daha yaxşı performans göstərdiyini müəyyən etmək üçün veb-səhifənin və ya tətbiqin iki versiyasını bir-biri ilə müqayisə etmək texnikasıdır. A/B testi zamanı eyni səhifənin iki və ya daha çox fərqli versiyası təsadüfi olaraq istifadəçilərə göstərilir və statistik təhlilə hansı variantın daha yaxşı performans göstərdiyi müəyyən edilir. 

Nəticə olaraq deyə bilərik ki, istifadəyə yararlılıq testinin keçirilməsi məhsulun inkişafında vacib addımlardan biridir. Bu prosesin müəyyən vaxt aralıqları ilə təkrarlanması, məhsulun dəyişkən istifadəçi tələbləri və gözləntilərinə uyğun qalmasını təmin edir.

Bu günlük bizdən bu qədər. Növbəti bloqlarda yenidən görüşmək diləyi ilə! Yeni bloqlardan xəbərdar qalmaq üçün bizi izləməyi unutmayın. ✌️

 

Yazını necə dəyərləndirərdiniz?

Yazarlarımız arasına qoşul!

200+ nəfərdən ibarət böyük bir komandayıq! Xidmətlərimizə isə yeni startaplardan tutmuş, böyük müəssisələrədək bütün bizneslər üçün məhsul dizayn etmək, proqram təminatı yaratmaq və yaradıcı marketinq həlləri tapmaq daxildir.

Əlaqə

Digər yazarlardan

Xidmətlərinizi yenidən dizayn edək

Hər bir layihəyə fərdi yanaşaraq müştərilərimizin və onların müştərilərinin xüsusi ehtiyaclarını qarşılayacaq həllər dizayn edirik.

Müraciət edin