Müştəri təcrübəsi 7 dəqiqə

İstifadəçiləri müştəriyə çevirən UX həlləri

İstifadəçiləri müştəriyə çevirən UX həlləri

Platformana baş çəkənləri müştəriyə çevirmək istəyirsən? Elə isə məqaləni oxumağa davam et.

Məhsulun nə olursa olsun, geri dönüş almaq üçün ən önəmli faktorlardan biri onu istifadəçilərə necə təqdim etdiyindir. Bu məqaləni diqqətini çəkdisə, deməli hələ də məhsulundan istədiyin geri dönüşü ala bilmirsən. Amma narahat olma, düzgün yerdəsən. Səni bu barədə məlumatlandıracam.

Çox vaxt itirmədən başlayaq.

Bu gün danışacağımız mövzu İstifadəçi Təcrübəsi və konversiya faizi arasında olan əlaqədir. Heç biri haqqında məlumatlı deyilsənsə, ilk olaraq nə olduqlarını qısaca izah edim.


UX - İstifadəçi Təcrübəsi

Əslində, bu suala bir çox fərqli mənbədən fərqli cavablar tapa bilərik. Bu da o mənbələrdən biri! Qısaca izah etsək, İstifadəçi Təcrübəsi, adından da göründüyü kimi, insanların məhsuldan istifadə edərkən yaşadığı təcrübələrin cəmidir. Bir məhsulu inkişaf etdirərkən rastlaşdığımız istifadəçi problemlərini araşdırmaq və ona uyğun müxtəlif həllər tapmaq isə UX dizaynerlərin işidir. Onların sayəsində şirkətlər müştəriləri üçün rahat və istifadəyə yararlı məhsullar dizayn edə bilir.

Bu zaman bir sual yaranır: Bəs məhsulların və dizaynların uğurlu olub-olmadığını necə ölçə bilərik?

Ən qısa yollardan biri koversiya faizini tapmaqdır. Bu barədə ətraflı danışaq. 


Konversiya faizi 

Tutaq ki, satış edə biləcəyin böyük bir kütlən var. Amma onların neçə faizinə həqiqətən də satış etdiyini öyrənmək istəyirsən: Əgər neçə nəfərin alış etdiyini bilsən, məhsulunun neçə faiz uğurlu olduğunu da ölçə bilərsən. Konversiya faizinin məntiqi də elə budur.

Təsəvvür elə ki, reklam kampaniyası üçün konversiya faizini hesablamaq istəyirsən. Bunun üçün sənə 2 meyar lazım olacaq:

  1. Reklam kampaniyasının ümumi istifadəçi kütləsi

  2. Reklama klik edən istifadəçi sayı

Deyək ki, auditoriya sayı 40.000 nəfərdir. Reklama klik edən istifadəçi sayı isə 800 olsun. Bu zaman konversiya faizini hesablamaq üçün istifadə edəcəyimiz düstur:  800/40.000 olacaq. Başqa sözlə desək: hərəkəti icra edən kütlənin ümumi kütləyə nisbəti. Bu nisbətdən 0,02 ədədini alırıq.  Konversiya faizinin ölçü vahidi faiz olduğu üçün, sonda ədədi 100-ə vurub faizə çevirməyimiz lazımdır. Yəni ki: 0,02 * 100% = 2%.

Deməli, təsəvvürümüzdəki reklam kampaniyasının konversiya faizi 2-ə barəbərdir. 



İstifadəçi Təcrübəsi ilə Konversiya Faizi arasındakı əlaqə

Artıq həm İstifadəçi Təcrübəsinin, həm də konversiya faizinin nə olduğunu bilirsən. İndi isə gəl onlar arasındakı qarşılıqlı əlaqəni öyrənək.

Əgər istifadəçi üçün veb səhifədə düzgün təcrübə qurulubsa, istifadəçilərin veb səhifədə axtarış etməyi, hər hansısa bir məhsul haqqında məlumat almağı və ya bir formu doldurmağı daha da asanlaşır. Digər bir yandan, məsələn, səhifə gec yüklənirsə, istifadəçilərin veb-səhifəni tərk etmə ehtimalı çoxalır. 


Konversiyaya təsir edən müsbət və mənfi amillər

Həmişə problemi tapıb onun üzərində işləmək bizə daha yaxşı nəticə verir. Güclü tərəfləri danışmazdan qabaq gəl əvvəlcə problemləri - yəni zəif İstifadəçi Təcrübəsi və onun konversiya faizinə təsirinə nümunələr çəkək:


Veb-səhifənin gec yüklənməsi 

Çoxumuz səbirsizik, xüsusən də internetdə. Əgər veb-səhifənin yüklənməsi çox uzun vaxt alırsa, istifadəçilər də böyük ehtimalla başqa bir səhifəyə keçir.


Naviqasiyanın düzgün qurulmaması

Təsəvvür et ki, bir paltar alacaqsan və sənin üçün əsas meyarlar rəng və ölçüdür. Bunun üçün veb-səhifədən uyğun paltarı seçib rənginə və ölçüsünə baxmaq istəyirsən. Əgər məlumatlar yerləşdirilməyibsə və ya tam əlaqəsiz bir yerdədirsə, tapmaq prosesiniz uzanır və bu, narahatlığa səbəb olur. Beləliklə, səhifəni tərk etmək və istifadəsi daha rahat saytlara keçid etmək istəyirsən. Təkcə sən yox, demək olar bütün istifadəçilər belədir. Nəticədə nəsə almaq üçün daxil olunan saytdan heç nə etmədən çıxılır və konversiya faizi aşağı düşür.


Responsiv dizaynın düzgün tətbiq edilməməsi

Əgər veb-sayt mobil cihazlar üçün optimallaşdırılmayıbsa, istifadəçilər ondan telefon və ya planşetlərində istifadə etməkdə çətinlik çəkə bilər və nəticədə yuxarıdakı senari təkrarlanar.

Artıq yazını yarılayırıq! İndiyə kimi mənfi tərəflərdən danışdıq. Düşünürəm ki, artıq yaxşı nümunələrə keçmək vaxtıdır. Hazırsansa başlayaq.


Cəlbedici və müasir dizayn

Vizual cəhətdən cəlbedici veb-sayt dizaynı həm müsbət ilk təəssürat yarada, həm də daha çox istifadəçi cəlb edə bilər.


Məhsul haqqında məlumat

İstifadəçilər axtardıqları məhsul və ya xidmətlər haqqında lazım olan məlumatları rahatlıqla tapa bildikdə məqsədlərinə daha tez çatdıqları üçün satış da arta bilər.


Asan formlar və giriş prosesi

Doldurulmalı formlar və ya sayta daxil olma prosesi anlaşılan və rahat olarsa, istifadəçilərin məmnuniyyəti artar.



Konversiya faizini artırmaq üçün UX-dən kömək almaq

Məqalənin əvvəlində söz verdiyim kimi, saytının konversiya faizini artırmağın, yəni saytına daxil olan istifadəçiləri müştəriyə çevirməyin yönündə sənə kömək olmağa çalışacam. Yəqin artıq bilirsən: Bunun üçün ən rahat yollardan biri UX həlləridir. İstifadəçi Təcrübəsini yaxşılaşdırmaq üçün isə edə biləcəklərin sonsuzdur! Mən isə onlar arasından ən bilinənlər haqqında danışacam.



İstifadəçi testi

İstifadəçi testi vebsayt, proqram, məhsul və ya xidmətin interfeysi və funksiyalarının real şəraitdə konkret tapşırıqları yerinə yetirilməsi prosesdir. Bu zaman məhsullar real istifadəçilər tərəfindən sınaqdan keçirilir: Onlardan məhsuldan istifadə etməsi xahiş edilir və proses müşahidə edilir. Nəticədə həmin veb-saytın və ya tətbiqin yararlılığını qiymətləndirmək və məhsulun real istifadəçilər üçün istifadəyə hazır olub-olmadığına qərar vermək olur.



A/B testi 

İstifadəçi testinin bir nümunəsi də A/B testidir. A/B testi, konversiya faizinin artırılması üçün kömək olacaq ən yaxşı test üsullarından sayılır. Bu zaman məhsulun hansı versiyasının daha yaxşı olduğunu müqayisə etmək üçün test keçirilir. 



Sürətin yaxşılaşdırılması

Şəkilləri optimallaşdırmaq, fayl ölçülərini azaltmaq və sürətli veb hostinq xidmətindən istifadə etməklə şirkətlər veb saytın sürətini, beləliklə, istifadəçi təcrübəsini artıra bilər.

Daha sürətli veb sayt daha çox geri dönüşə səbəb olur. Sayt sürətlə yüklənərsə, ziyarətçilər daha yaxşı təcrübə qazanır və daha çox alış-veriş edə bilirlər. Daha sürətli saytlar da axtarış sistemlərində daha yüksək yer tutur, bu da sizi daha çox insanın tapa biləcəyi deməkdir. Bundan əlavə, sürətli veb sayt alış-veriş səbətindən imtinanı azaldır və istifadəçilərdə inam yaradır.



Fərdiləşdirmə

Fərdiləşdirmə bizneslərə müştəri səyahətlərini və təcrübələrini hər bir müştərinin ehtiyac və üstünlüklərinə uyğunlaşdırmağa imkan verən bir prosesdir. Müştərinin ehtiyacları brendlə necə qarşılıqlı əlaqədə olmasından asılı olmayaraq bilinməli və nəzərə alınmalıdır.

Xüsusi tövsiyələr və ya fərdiləşdirilmiş məzmunlar sayəsində istifadəçilər xidmətdən daha məmnun qalır və istədiklərini daha rahat tapırlar, beləliklə konversiya faizi də arta bilir. 

Ümumi bir nəticəyə gəlsək, istifadəçi təcrübəsinin konversiya faizinə təsiri veb saytların optimallaşdırmaq və daha yaxşı nəticələr əldə etmək istəyən şirkətlər üçün mühümdür. Müsbət istifadəçi təcrübəsi artan əlaqə və daha yüksək konversiya faizinə səbəb ola, zəif istifadəçi təcrübəsi isə əks təsir göstərə bilir. Buna görə də istifadəçiləri müştəriyə çevirmək, yəni konversiya faizini yüksəltmək üçün yaxşı dizayn edilmiş veb-sayt, mobil optimallaşdırma, fərdiləşdirilmiş məzmun və tövsiyələr kimi UX həllərindən istifadə etmək lazımdır. 

Yazını necə dəyərləndirərdiniz?

Yazarlarımız arasına qoşul!

200+ nəfərdən ibarət böyük bir komandayıq! Xidmətlərimizə isə yeni startaplardan tutmuş, böyük müəssisələrədək bütün bizneslər üçün məhsul dizayn etmək, proqram təminatı yaratmaq və yaradıcı marketinq həlləri tapmaq daxildir.

Əlaqə

Digər yazarlardan

Xidmətlərinizi yenidən dizayn edək

Hər bir layihəyə fərdi yanaşaraq müştərilərimizin və onların müştərilərinin xüsusi ehtiyaclarını qarşılayacaq həllər dizayn edirik.

Müraciət edin